Dünya

İranın son qalası mühasirəyə alınır…

05 Aug 2026, 17:17 2 baxış Admin
İranın son qalası mühasirəyə alınır…

Suriya öz hərbi hissələrini İraqla sərhəd boyu cəmləşdirib.
"Bakupost" xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı məlumat verib.
Qeyd edilir ki, Suriya Müdafiə Nazirliyi ordunu maksimum hərbi hazırlıq rejiminə gətirmək barədə əmr verib. Amma qərarın hansı səbəbdən verildiyi göstərilmir.
Görəsən, Suriya ordusunun İraqla sərhədə cəmlənməsində məqsəd nədir?
Siyasi şərhçi Rufiz Hafizoğlu "Bakupost"a bildirib ki, Bəşər Əsəd hakimiyyətinin Suriyadan getməsilə bölgədə ciddi hadisələr baş verdi, İranın uzun illər bölgədə yaratdığı “şiə ayparası” dağıldı:
“Bu da təbii ki, “domino effekti” verə bilməzdi. Ardınca, Qəzzada HƏMAS çökdü. Onlar tərksilah olunmaqla bağlı müqaviləyə də imza atdılar. “Hizbullah” da zəifləyib”.
Ekspert qeyd edir ki, hazırda isə İranın son qalası olan İraq müasirəyə alınır:
“İraq hər zaman İranın son qalası olaraq qalmağa çalışacaq. Bu gün həmin son qaladan biri olan İraqın həm daxil, həm də xaricdən mühasirəyə alınması prosesinə başlanılıb. ABŞ Suriya hökuməti qarşısında iki seçim qoyub. Biri “Hizbullah”a qarşı açıq şəkildə mübarizə aparmaq idi ki, rəsmi Dəməşq bunu rədd etdi. Çünki buna getmək birbaşa İranla konfrantasiyaya girmək demək idi”.
Müsahibimizin sözlərinə görə, bu fonda İraq sərhədinə Suriya qoşunlarının yığılması buradakı iranmeyilli “Haşdi-şabi” qruplaşmasının üsyan edəcəyi təqdirdə, onun tərksilah edilməsi və ona qarşı ərəb cəbhəsinin açılması üçün atılan addımdır:
“Amma Livandan fərqli olaraq, “Haşdi-şabi” üzərində İraq hökumətinin qətiyyətli mövqeyi də var. Bu gün İraq hökumətində tabe olmaq istəməyən “Haşdi-şabi”nin buraxılması gündəmdədir. İraq baş nazirinin ABŞ-yə səfərindən sonra rəsmi Bağdadın da silahlı şiə qruplaşmalarına qarşı mövqeyi dəyişib”.
O baxımdan siyasi şərhçi düşünür ki, “Haşdi-şabi”nin də küncə sıxışdırılması artıq gün məsələsidir:
“Çünki İraq hakimiyyəti də bu qruplaşmaya qarşıdır. Digər tərəfdən, ölkənin ən xarizmatik dini və siyasi liderlərindən biri və şiə müqavimətinin simvolu sayılan Müqtəda əs-Sədr də tərəfdarlarını silahı yerə qoymağa çağırıb. Bu özü də İraqdakı “Haşdi-şabi”yə siyasi-hərbi təzyiqin başlanğıcı kimi qiymətləndirilə bilər”.
Amma həmsöhbətimiz hesab etmir ki, “Haşdi-şabi”dəki bütün qruplaşmalar silahı yerə qoyacaqlar:
“Ehtimal ki, bölgədə çaxnaşma olsun. Lakin bu toqquşma İraqdan iranyönlü qüvvələrin çıxardılması ilə nəticələnəcək. Amma yanlış anlaşılmasın, bu İraqda şiəliyin sonu deyil. Şiəliklə nə İrandakı hakimiyyətin, nə İraqdakı radikal silahlı müqavimətin, nə “Hizbullah”ın, nə də husilərin heç bir əlaqəsi yoxdur. Bu şiəlik içində olan radikal, yarı hərbi, yarı militarist qruplara şamil olunan bir təzyiqdir”.
Rüfət Sultan,BakuPost
Mənbə: bakupost.az
Paylaş:

Oxşar Xəbərlər