Rus ordusu bu ölkələrlə sərhəddə bazalar tikir
05 Aug 2026, 09:54
1 baxış
Admin
Hazırda Rusiya Silahlı Qüvvələri əsasən Ukraynaya qarşı hücum müharibəsi ilə məşğuldur. Lakin Kreml artıq indidən müharibə başa çatdıqdan sonra NATO-nun şimal-şərq sərhədi boyunca hərbi qüvvələrini gücləndirmək üçün addımlar atır.
"Bakupost" Axar.az-a istinadən xəbər verir ki, bu barədə “Velt” nəşri yazıb.
Nəşr bildirir ki, bunu bir neçə Skandinaviya və Baltik ölkəsi mediasının apardığı araşdırma sübut edir. Jurnalistlər ekspertlərlə birlikdə həmin bölgədə Rusiyanın fəaliyyəti ilə bağlı peyk görüntülərini təhlil ediblər.
Qeyd olunur ki, peyk görüntülərində hərbi infrastrukturun tikildiyi və ya genişləndirildiyi bir neçə məntəqə görünür:
"Miqyasına görə ən böyük layihələrdən biri Finlandiya və Norveç sərhədi yaxınlığında, Rusiyanın ən şimalında yerləşən Peçenqa hərbi bazasının genişləndirilməsidir".
Rusiya Müdafiə Nazirliyinin məlumatına əsasən, Moskva burada yerləşən hərbi birləşməni diviziyaya çevirməyi planlaşdırır. Bu isə şəxsi heyətin sayının təxminən 4 mindən 10 min nəfərə qədər artırılması deməkdir.
Peyk görüntülərinə əsasən, bu məqsədlə təxminən 1 kvadrat kilometr meşə sahəsi məhv edilib və hazırda ərazidə 50-dən çox obyektin tikintisi aparılır.
Finlandiyanın Rovaniemi şəhəri ilə eyni enlikdə yerləşən Kandalakşa yaxınlığında isə Moskva yeni hərbi baza inşa edir. Bildirilir ki, burada ümumi sayı təxminən 2 min nəfər olan artilleriya briqadası və mühəndis briqadasının bölmələrinin yerləşdirilməsi planlaşdırılır.
Nəşr qeyd edir ki, üçüncü iri tikinti sahəsi Petrozavodsk yaxınlığındakı Novaya Vilqa qəsəbəsində yerləşir. Burada onilliklər ərzində hərbi hissələr yerləşməyib. İndi isə bu qarnizonun Rusiyanın Kareliya Respublikasında yaratmağı planlaşdırdığı yeni 44-cü Ordu Korpusunun yerləşdirilməsi üçün istifadə oluna biləcəyi bildirilir.
Mənbə:
bakupost.az