Cəmiyyət

Səs yazısı yayıldığı iddia edilən həkimdən açıqlama

05 Aug 2026, 00:00 2 baxış Admin
Səs yazısı yayıldığı iddia edilən həkimdən açıqlama

Uşaq kardioloqu Elnur İmanov bu gün onun adından yayılan, ona məxsus olduğu iddia edilən səs yazısı ilə bağlı ictimaiyyətə müraciət edib. 

News24.az xəbər verir ki, o bu iddiaların yalan olduğunu bildirib.

"30 ildən artıqdır ki, uşaq kardioloqu kimi çalışıram. Bu müddət ərzində minlərlə uşağın müalicəsində iştirak etmiş, minlərlə ailənin etimadını qazanmışam. Mənim peşə fəaliyyətimi, insanlara və uşaqlara münasibətimi tanıyan hər kəs yayılan iddianın nə qədər absurd olduğunu çox yaxşı anlayır.

Bu gün texnologiyanın imkanları ilə istənilən insanın səsini təqlid etmək, səs yazısını montaj etmək, cümlələri birləşdirmək və tamamilə saxta material hazırlamaq mümkündür. Üstəlik, yayılan səs mənim səsimə belə tam uyğun gəlmir. Buna baxmayaraq, heç bir texniki ekspertiza aparılmadan, heç bir sübut təqdim olunmadan və mənim mövqeyim tam öyrənilmədən bu materialın ictimaiyyətə çıxarılması qəbuledilməzdir. Anonim mənbə hər cür əsassız iddianın arxasında gizlənmək üçün vasitəyə çevrilməməlidir. Media öz mənbəsinin kimliyini ictimaiyyətə açıqlamasa belə, onun real şəxs olduğunu, məlumatın həqiqiliyini və iddianın yoxlanıldığını özü dəqiqləşdirməlidir. Əks halda, hər bir media orqanı istənilən səsi özü hazırlayıb “bizə şikayət daxil olub” adı ilə istənilən şəxsin nüfuzuna zərbə vura bilər.

Məndə yaranan əsas qənaət budur ki, bu məsələ təsadüfi deyil və mənim nüfuzdan salınmağıma yönəlmiş məqsədli şər kampaniyasının əlamətlərini daşıyır. Bunun kimlər tərəfindən və hansı məqsədlə təşkil olunduğunun hüquqi və texniki yollarla araşdırılmasını tələb edəcəyəm", - deyə Elnur İmanov bildirib. (Unikal)

Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər