Sübut olundu! Bu qidalar ilə qocalmağın qarşısını ala bilərsiniz...
04 Aug 2026, 23:50
2 baxış
Admin
Maqneziumla zəngin qidaların müntəzəm qəbulu 50 yaşdan yuxarı insanlarda yaşla əlaqədar yaranan əzələ kütləsi və güc itkisi – sarkopeniya riskini əhəmiyyətli dərəcədə azalda bilər.
"Bakupost" xəbər verir ki, bu nəticə Cənubi Koreya alimlərinin "Frontiers in Nutrition" jurnalında dərc olunan genişmiqyaslı araşdırmasında öz əksini tapıb.
Araşdırma çərçivəsində 50 yaşdan yuxarı 3830 nəfərin məlumatları təhlil edilib. Tədqiqatçılar iştirakçıların gündəlik maqnezium qəbulunu, eləcə də bu mineralın əsas təbii mənbələri olan tam taxıllar, qoz-fındıq, paxlalılar, yaşıl yarpaqlı tərəvəzlər, dəniz yosunu və soya südünün rasiondakı yerini qiymətləndiriblər. Bununla yanaşı, iştirakçıların fiziki hazırlığı və əzələ vəziyyətindəki dəyişikliklər də izlənilib.
Araşdırmanın nəticələrinə görə, ən çox maqnezium qəbul edən şəxslərdə sarkopeniyanın inkişaf riski ən az maqnezium qəbul edənlərlə müqayisədə 53 faiz daha aşağı olub. Hətta maqneziumun dəqiq miqdarı hesablanmadan belə, bu mineralla zəngin qidaları müntəzəm istehlak edən iştirakçılarda da oxşar qoruyucu təsir müşahidə edilib.
Alimlərin fikrincə, bu təsirin əsas səbəbi maqneziumun orqanizmdə xroniki iltihabı azaltmaq xüsusiyyətidir. Belə ki, yüksək maqnezium qəbul edən iştirakçıların qanında iltihabın əsas göstəricilərindən biri olan C-reaktiv zülalın səviyyəsi daha aşağı olub. Bu isə maqneziumun iltihabəleyhinə təsir göstərdiyini ehtimal etməyə əsas verir.
Tədqiqat müəllifləri qeyd edirlər ki, maqneziumla zəngin qidalar sağlam qidalanmanın vacib hissəsi olsa da, bitki mənşəli məhsullardakı maqneziumun yalnız 20–50 faizi orqanizm tərəfindən mənimsənilir. Maqnezium tərkibli qida əlavələri daha yüksək sorulma göstəricisinə malik olsa da, mütəxəssislər onları həkim məsləhəti olmadan qəbul etməməyi tövsiyə edirlər.
Asena,BakuPost
Mənbə:
bakupost.az