Cəmiyyət

Kart ödənişlərinin

04 Aug 2026, 12:35 1 baxış Admin
Kart ödənişlərinin

Kartdan-karta köçürməyə limitin tətbiqindən sonra vətəndaş nağd ödənişə üstünlük verəcək.


Bəzi ekspertlər hesab edirlər ki, bu cür məhdudiyyətlər nağdsız ödənişlərin həcminə təsir göstərə və alternativ ödəniş üsullarına tələbatı artıra bilər.
"Bakupost" xəbər verir ki. mövzu ilə bağlı Ajans.az-a açıqlama verən iqtisadçı Asif İbrahimov əsas müzakirə mövzusu kartdan-karta köçürmələrə necə limit qoyulacağı deyil, sahibkarların niyə vergidən yayınmağa çalışmasının səbəbləri olmalıdır deyib.
Onun sözlərinə görə, iqtisadiyyatda nəticə ilə mübarizə aparmaq problemin həlli deyil, yalnız onun əlamətlərini idarə etməkdir.
İqtisadçı bildirib ki, dövlət ilk növbədə sahibkarların POS-terminaldan niyə istifadə etmək istəmədiyini, bəzi hallarda isə niyə vətəndaşlardan ödənişi şəxsi kart hesabına köçürmələrini xahiş etdiyini araşdırmalıdır. Onun fikrincə, bu davranışın arxasında təkcə vergidən yayınmaq istəyi deyil, iqtisadi və inzibati amillər də dayanır.
A. İbrahimov qeyd edib ki, vergi yükü və vergi inzibatçılığı sahibkarın qərarlarına birbaşa təsir göstərən əsas amillərdəndir. Verginin məbləği ilə yanaşı, onun hesablanması, bəyan edilməsi və inzibati prosedurlar da biznes üçün əlavə xərc yaradır. Buna görə də vergi sistemi sahibkarı qanuni fəaliyyət göstərməyə təşviq etməlidir.
Ekspertin sözlərinə görə, bank xidmətlərinin maya dəyəri də bu məsələdə mühüm rol oynayır. POS-terminal əməliyyatları üzrə komissiyalar, hesabların aparılması və elektron ödənişlərin emalı ilə bağlı xərclər xüsusilə mikro və kiçik sahibkarlar üçün ciddi maliyyə yükü yaradır.
O, həmçinin vurğulayıb ki, sağlam rəqabət mühitinin formalaşması üçün bütün sahibkarlar eyni qaydalara əməl etməlidir. Əks halda, vergilərini tam ödəyən və fiskal çek təqdim edən sahibkar daha yüksək xərclərlə fəaliyyət göstərir, qaydaları pozan isə üstünlük əldə edir.
Asif İbrahimov hesab edir ki, kartdan-karta köçürmələrə limit qoyulması problemin köklü həlli deyil. Onun fikrincə, dövlət paralel olaraq POS-terminaldan istifadəyə və fiskal çek verilməsinə nəzarəti gücləndirməli, elektron ödənişlərin maya dəyərini və sahibkarların inzibati yükünü azaltmalı, vergi siyasətini isə qanuni fəaliyyət göstərməyi daha sərfəli edəcək şəkildə qurmalıdır.
İqtisadçı bildirib ki, əks halda bu gün kartdan-karta köçürmələr məhdudlaşdırılacaq, sabah nağd hesablaşmalar artacaq, daha sonra isə bazar yeni qeyri-rəsmi ödəniş mexanizmləri tapacaq. Onun fikrincə, iqtisadi siyasətin əsas məqsədi yayınma yollarını bağlamaq deyil, yayınmağa ehtiyac yaratmayan biznes mühiti formalaşdırmaq olmalıdır. Sahibkar qanuna əməl etməyi məcbur olduğu üçün deyil, bunun iqtisadi baxımdan daha sərfəli olduğuna görə seçməlidir. Bu yanaşma uzunmüddətli perspektivdə həm vergi daxilolmalarını artıracaq, həm də kölgə iqtisadiyyatının həcmini azaldacaq.
Mənbə: bakupost.az
Paylaş:

Oxşar Xəbərlər