Dünya

"Obsession" qorxu janrında rekord qırdı: 458 milyon dollar gəlir əldə etdi

27 Jul 2026, 12:32 2 baxış Admin
"Obsession" qorxu janrında rekord qırdı: 458 milyon dollar gəlir əldə etdi

Gənc rejissor və keçmiş YouTuber Karri Barkerin ilk bədii filmi olan "Obsession" gözlənilməz uğura imza atıb.

News24.az xəbər verir ki, cəmi 750 min dollar büdcə ilə çəkilən müstəqil ekran əsəri dünya üzrə 458 milyon dollar gəlir əldə edərək qorxu janrında ən uğurlu filmlərdən birinə çevrilib.

Film musiqi mağazasında çalışan utancaq Bear adlı gəncin həmkarı Nikkiyə olan qarşılıqsız sevgisindən bəhs edir. O, antikvar mağazasından aldığı sirli əşya vasitəsilə Nikkiyə özünü sevdirməyə çalışır. Daha sonra hadisələr qısa müddətdə dəhşətli məcraya yönəlir.

Tənqidçilərin fikrincə, "Obsession" təkcə qorxu elementləri ilə deyil, həm də kişi dominantlığı, emosional asılılıq və müasir münasibətlərdəki sağlam olmayan davranışlar kimi mövzulara toxunması ilə diqqət çəkir. Film sosial şəbəkələrdə də geniş müzakirələrə səbəb olub.

Məlumata görə, ekran əsəri gəlirlərinə görə "The Conjuring" filmini geridə qoyaraq bütün zamanların ən çox gəlir əldə edən qorxu filmləri siyahısında 6-cı pilləyə yüksəlib.

Karri Barker hazırda yeni filmi "Everything Except Dreams" üzərində işləyir. Rejissor "Obsession 2" üçün ideyasının olduğunu desə də, növbəti layihəsinin bu filmin davamı olmayacağını bildirib.

Content Image
Content Image
Content Image
Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər