Dünya

ABŞ və İran növbəti dəfə atəşkəsə getdilər:

27 Jul 2026, 12:40 4 baxış Admin
ABŞ və İran növbəti dəfə atəşkəsə getdilər:

İyulun 8-də başlayan və iki həftədən çox davam edən növbəti ABŞ-İran eskalasiyasına son qoyuldu.
ABŞ Prezidenti Donald Tramp Amerika hərbçilərinə İrana qarşı zərbələri dayandırmaq əmri verib.
"Bakupost" xəbər verir ki, sözügedən qərar Oman rəsmilərinin Tehrana səfərindən sonra qəbul olunub.
Ardında, iyulun 26-da rəsmi Tehran da zərbələri dayandırdığını bildirib.
Konfliktoloq Azər Hüseynov Bakupost.az-a bildirib ki, İran ilə ABŞ arasında birbaşa hərbi toqquşmalara son verilməsi və sonrakı proseslər böhranın hələ tam aradan qalxmadığı, sadəcə yeni mərhələyə keçdiyini göstərdi:
“ABŞ müəyyən mənada özünü mürəkkəb geosiyasi oyunun içərisinə saldı. Çünki Yaxın Şərqdəki qarşıdurmalar təkcə iki dövlət arasında baş verən hərbi mübarizə deyil, həm də qlobal iqtisadi, enerji və təhlükəsizlik sisteminə birbaşa təsir göstərən prosesdir.Xüsusilə Hörmüz boğazı məsələsi bu münaqişənin ən həssas nöqtələrindən biridir. Tarix göstərir ki, böyük dövlətlər bəzən strateji əhəmiyyətə malik boğazlar və dəniz yolları uğrunda apardıqları siyasətin gözlənilməz nəticələri ilə üzləşirlər”.
Bu baxımdan ekspertə görə, Hörmüz boğazı təkcə İran deyil, həm də ABŞ və onun müttəfiqləri üçün ciddi strateji risk mənbəyidir: “Dünyanın enerji tədarükünün əhəmiyyətli hissəsinin bu marşrutdan keçməsi səbəbindən burada yaranan hansısa böhran qlobal iqtisadiyyata dərhal təsir göstərir.
ABŞ daxilində də bu məsələyə münasibətdə vahid mövqe yoxdur. Bir tərəfdə İrana qarşı daha sərt siyasətin tərəfdarı olan siyasi dairələr, o cümlədən İsrailin təhlükəsizlik maraqlarına daha yaxın mövqe tutan qruplar dayanır. Digər tərəfdə isə, genişmiqyaslı müharibənin ABŞ-ın milli maraqlarına zidd olduğunu, iqtisadi və hərbi baxımdan ağır nəticələr doğuracağını düşünən siyasi çevrələr mövcuddur. Bu fikir ayrılığı Vaşinqtonun gələcək strategiyasını formalaşdırmaqda çətinlik yaradır”.
Həmsöhbətimizin sözlərinə görə, son toqquşmalar qlobal enerji bazarlarında qiymət dalğalanmalarına səbəb oldu, beynəlxalq logistika zəncirlərində ciddi problemlər yaratdı, dəniz daşımalarının təhlükəsizliyi ilə bağlı narahatlıqları artırdı və dünya iqtisadiyyatında qeyri-müəyyənliyi dərinləşdirdi:
“Son qarşıdurma bir daha göstərdi ki, bölgədə hərbi əməliyyatların nəticələrini əvvəlcədən tam hesablamaq mümkün deyil. Belə böhranların təsiri yalnız münaqişə iştirakçıları ilə məhdudlaşmır, bütün beynəlxalq iqtisadi sistemə yayılır”.
A.Hüseynov hesab edir ki, diplomatik danışıqların davam etməsi qaçılmazdır:
“Tarix göstərir ki, uzunmüddətli geosiyasi qarşıdurmaların əksəriyyəti müəyyən mərhələdə danışıqlar masasına qayıdır”. Lakin onun fikrincə, danışıqların aparılması problemin tam həll olunması anlamına da gəlməməlidir:
“ABŞ ilə İran arasında uzun illər ərzində formalaşmış qarşılıqlı etimadsızlıq, regional nüfuz uğrunda rəqabət və təhlükəsizlik məsələləri hələ də qalmaqdadır. Bu səbəbdən tərəflər arasında gərginliyin tam aradan qalxacağını gözləmək hələlik çətindir”. Müsahibimiz ehtimal edir ki, Vaşinqton yaxın perspektivdə daha çox hərbi təzyiq və diplomatik danışıqları paralel şəkildə davam etdirməyə üstünlük verəcək:
“Mövcud vəziyyət ABŞ administrasiyasını da mürəkkəb seçim qarşısında qoyub. Bir tərəfdən, müttəfiqlərinin təhlükəsizlik gözləntiləri nəzərə alınmalıdır, digər tərəfdən isə yeni genişmiqyaslı müharibənin siyasi, iqtisadi və hərbi xərcləri ABŞ üçün ciddi risklər yaradır. Buna görə də Vaşinqtonun yaxın perspektivdə daha çox hərbi təzyiq və diplomatik danışıqları paralel şəkildə davam etdirməyə çalışacağı ehtimal olunur”.
Konfliktoloq deyir ki, son razılaşmalar və atəşkəs təşəbbüsləri tərəflər arasında imzalanan sənədlərin arxasında tam etimad və uzunmüddətli zəmanətin hələ formalaşmadığını göstərir: “Məhz buna görə də hər hansı razılaşma gərginliyin birdəfəlik bitməsi kimi deyil, müvəqqəti sabitlik mərhələsi kimi qiymətləndirilə bilər. ABŞ–İran münasibətlərində əsas ziddiyyətlər qalmaqda davam edir və onların yaxın gələcəkdə tam həll olunacağına dair qəti proqnoz vermək hələ mümkün deyil”.
Rüfət Sultan, BakuPost
Mənbə: bakupost.az
Paylaş:

Oxşar Xəbərlər