26 iyun – Narkomaniyaya qarşı Mübarizə Günü: Azərbaycanda 42 min nəfər asılılıqdan əziyyət çəkir
26 Jun 2026, 21:00
1 baxış
Admin
Narkomaniya bəşəriyyətin ən ağır və təhlükəli problemlərindən biri olaraq cəmiyyət üçün ciddi təhdid yaratmaqda davam edir. Bu problem din, dil, irq və sosial statusdan asılı olmayaraq hər kəs üçün eyni dərəcədə risklidir. Narkotik asılılığı yalnız fərdin sağlamlığına deyil, bütövlükdə ölkənin sosial mühitinə mənfi təsir göstərir: cinayətkarlıq və zorakılıq artır, ailələr dağılır. Eyni zamanda QİÇS kimi yoluxucu xəstəliklərin yayılmasını sürətləndirir və sosial-iqtisadi inkişafı ləngidir.
Bu problemin aktuallığını nəzərə alaraq, hər il 26 iyun tarixi beynəlxalq səviyyədə Narkomaniya və Narkobiznesə qarşı Mübarizə Günü kimi qeyd olunur və bu istiqamətdə müxtəlif təşəbbüslər həyata keçirilir.
Azərbaycanda narkomaniya ilə mübarizə məqsədilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası yaradılıb.Komissiyasının məlumatına görə, 2025-ci ildə qeydiyyatında olan narkotik istifadəçilərinin sayı 42165 nəfər olub (2024-cü illə müqayisədə 1675 nəfər çox). İstifadəçilərin 39 485 nəfəri kişilər, təxminən 1014-1100 nəfəri isə qadınlardır.
Mütəxəssislərin fikrincə, real istifadəçi sayı rəsmi statistikadan bir neçə dəfə çox ola bilər. Qeydiyyatda olan şəxslərin təxminən yarısı (20 182 nəfər) opioid istifadəçiləridir. Bununla yanaşı, son illərdə sintetik narkotiklərin, xüsusilə metamfetaminin (“patı”, “şüşə”) yayılması daha ciddi təhlükəyə çevrilib.
BMT-nin Narkotiklər və Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin 2019-cu il hesabatına əsasən narkotikdən istifadənin məhz yeniyetməlik dövrünə təsadüf etdiyi, eləcə də dünyada 35 milyon insanın narkotik asılılığının olduğu və bundan daha çox 18-25 yaş arası gənclərin əziyyət çəkdiyi məlum olub.
Narkotik istifadəçilərinin yaş həddində müşahidə edilən cavanlaşma göstərir ki, yeniyetmələrin vaxtında aşkar edilərək müalicəyə cəlb olunması və əhalinin bu təhlükə barədə məlumatlandırılması mühüm məsələlərdəndir.
Mövzu ilə bağlı Bakupost.az-a danışan Milli Məclisin deputatı Azər Allahverənov bildirib ki, Azərbaycanda narkomaniya ilə mübarizə dövlət siyasətinin əsas istiqamətlərindən biridir:
“Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı hüquq-mühafizə orqanları tərəfindən həyata keçirilən əməliyyatlar, sərhəd nəzarətinin gücləndirilməsi, beynəlxalq əməkdaşlığın genişləndirilməsi və maarifləndirmə tədbirləri bu siyasətin əsas komponentləridir. Son illərdə narkotiklərin ölkəyə qanunsuz gətirilməsi və satış şəbəkələrinin ifşası istiqamətində əldə olunan nəticələr dövlətin bu sahəyə ciddi yanaşdığını göstərir. Bununla yanaşı, narkomaniya ilə mübarizə yalnız hüquqi tədbirlərlə məhdudlaşdırılmamalıdır. Beynəlxalq təcrübəyə nəzər saldıqda görürük ki, hüquqi tədbirlərin həyata keçirilməsi mühüm istiqamət kimi dəyərləndirilə bilər, amma burada önəmli məsələ kompleks tədbirlərin həyata keçirilməsidir.
Bu baxımdan narkotiklərlə mübarizə sahəsinə həm də ictimai sağlamlıq, sosial rifah və təhlükəsizlik məsələsi kimi yanaşdıqda fərqli istiqamətlər üzrə mübarizə alqoritmlərini müəyyənləşdirmək mümkündür. Narkotik asılılığına düşmüş şəxslərin reabilitasiyası, psixoloji dəstəyi və cəmiyyətdə reinteqrasiyası mübarizənin ayrılmaz hissəsi olmalıdır. Azərbaycanda bu istiqamətdə həyata keçirilən çox vacib fəaliyyətlər mövcuddur”.
Deputatın sözlərinə görə, gənclər arasında narkotik istifadəsinin qarşısını almaq üçün maarifləndirmə əsas rol oynayır:
“Məktəblərdə və ali təhsil müəssisələrində davamlı, yaşa uyğun və elmi əsaslı maarifləndirmə proqramlarının həyata keçirilməsi, şübhəsiz ki, bu risk qrupuna daxil ola biləcək şəxslərin qorunmasına kömək edə bilər. Xüsusən gənclərin və yeniyetmələrin geniş şəkildə maarifləndirilməsi, təhsil vasitəsilə yeni nəsillərə düzgün məlumatların çatdırılması, həm də narkotik dövriyyəsi şəbəkələrinin qarşısının alınmasına xidmət edə bilər. Ailə institutunun gücləndirilməsi, valideynlərin övladları ilə münasibətlərinin və nəzarətin artırılması da bu istiqamətdə vacib məsələdir. Bundan başqa, gənclərin idman, mədəniyyət, könüllülük və digər sosial fəaliyyətlərə daha geniş şəkildə cəlb edilməsi, onların sağlam həyat tərzinə təşviq olunması narkomaniya ilə mübarizə strategiyasının əsas elementlərindən biridir”.
A.Allahverənov hesab edir ki, gənclərin asudə vaxtının düzgün təşkili mühüm əhəmiyyət daşıyır:
“Çünki beləmkanlardan uzaq düşən gənclər qısa müddətdə müxtəlif qruplarının, o cümlədən kriminal şəbəkələrin təsiri altına düşə bilərlər ki, bu da sonrakı mərhələdə onların bu problemə məruz qalmasına səbəb ola bilər. Bu baxımdan gənclərin asudə vaxtını təşkil edəcək fəaliyyətlər üçün zəruri infrastrukturun yaradılması xüsusi əhəmiyyət kəsb edir”.
Deputat qeyd edib ki, sosial şəbəkələrdə və rəqəmsal platformalarda narkotiklərin təbliğinə qarşı effektiv monitorinq və preventiv tədbirlərin həyata keçirilməsi üçün ciddi ehtiyac var. Onun sözlərinə görə, bu mübarizəyə gənclərin özlərinin də cəlb olunması vacibdir:
“Müxtəlif maarifləndirici posterlərin, statusların və videoçarxların yayılması gənclərdə bu məsələyə qarşı kəskin etiraz mövqeyi formalaşdıra bilər. Xüsusilə sürətlə inkişaf edən sosial texnologiyalar fonunda bu imkanlardan düzgün istifadə etmək lazımdır”.
A.Allahverənovun fikrincə, risk qrupuna daxil olan gənclərin psixoloji dəstəyə çıxış imkanlarının artırılması, mütəxəssislərin və sosial xidmətlərin əlçatanlığının genişləndirilməsi də vacib məsələlərdəndir:
“ Bu halda gənclərin gündəlik qayğıları və maraqları dövlət qurumları və sosial xidmət müəssisələri tərəfindən daha adekvat qarşılanar və onların arzuolunmaz çevrələrə yönəlməsinin qarşısı alınar. Yəni gənclər öz maraqlarına uyğun dəstəyi kənar, riskli mühitlərdə axtarmağa məcbur qalmazlar. Bunun üçün dövlət nəzarəti altında həyata keçirilən alternativ fəaliyyətlərin genişləndirilməsinə ehtiyac var.Ümumilikdə, narkomaniya ilə mübarizənin uğuru yalnız dövlət qurumlarının fəaliyyəti ilə deyil, həm də ailələrin, ictimai təşkilatların və bütövlükdə cəmiyyətin birgə səyi ilə mümkündür. Profilaktik tədbirlərin gücləndirilməsi, sağlam həyat tərzinin təşviqi və gənclərin öz potensialını reallaşdıra biləcəyi mühitin yaradılması uzunmüddətli perspektivdə effektiv nəticələr verə bilər.Narkotiklərin dövriyyəsinə qarşı mübarizə kompleks yanaşma tələb edir və qeyd olunan istiqamətlərin hərtərəfli nəzərə alınması strategiyanın əsas komponentlərini təşkil edir. Sistemli icra mexanizmlərinin tətbiqi isə ümumilikdə müsbət nəticələrin əldə olunmasına xidmət edən əsas amillərdən biridir”.
Deputat Ceyhun Məmmədov bildirdi ki, narkomaniya cəmiyyət üçün böyük bir bəlaya çevrilib və bu məsələ kifayət qədər mürəkkəbdir:
"Bu gün dövlət səviyyəsində bu məsələyə xüsusi diqqət yetirilir, hüquq-mühafizə orqanları tərəfindən müxtəlif əməliyyatlar aparılır. Gənclərin maarifləndirilməsi, asudə vaxtının səmərəli təşkili və məşğulluğun artırılması dövlətin əsas prioritetlərdəndir. Lakin qeyd etmək lazımdır ki, bu problemlə mübarizə o qədər də asan proses deyil. Qətiyyətli və prinsipial addımlar atılmalı, məktəblərdə və universitetlərdə davamlı maarifləndirici tədbirlər həyata keçirilməlidir”.
Millət vəkili Vüqar Rəhimzadə isə bildirib ki, narkotiklərin qanunsuz dövriyyəsi qlobal xarakter daşıyır:
“Ölkəmiz BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasına, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasına, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasına və digər beynəlxalq sazişlərə qoşulub. Bu da narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin beynəlxalq prinsip və normalar əsasında gücləndirilməsinə təminat verib. Prezident İlham Əliyevin 2025-ci il 17 sentyabr tarixli Sərəncamı ilə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı” təsdiq edilib. Dövlət Proqramının əsas məqsədi müasir informasiya texnologiyalarının imkanlarından istifadə olunmaqla narkotiklərin qanunsuz dövriyyəsinin və narkomanlığın yayılmasının maarifləndirmə yolu ilə qarşısının alınması, narkomanlığa düçar olmuş şəxslərin müalicəsi və reabilitasiyası sahəsində yeni üsulların tətbiqi, bu istiqamətdə normativ- hüquqi bazanın təkmilləşdirilməsi və digər kompleks tədbirlərin həyata keçirilməsindən ibarətdir".
Deputatın sözlərinə görə, dünyada sürətlə dəyişən qlobal meyillər və yeni rəqəmsal təhdidlər narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin daha sistemli şəkildə təşkilini qaçılmaz edir:
"Unutmamalıyıq ki, narkomaniya ilə mübarizə yalnız dövlətin deyil, həm də ailənin, cəmiyyətin və hər bir fərdin bu sahədə birgə səy göstərməsini tələb edən son dərəcə vacib məsələdir. Ümumiyyətlə, narkomaniya ilə mübarizədə ənənəvi maarifləndirmə üsulları ilə yanaşı, təbliğat işlərinin müasir dövrün tələblərinə, xüsusilə gənclərin informasiya qəbul etdiyi rəqəmsal platformaların formatına uyğun təkmilləşdirilməsi vacibdir. Bu sahədə təbliğat işləri sağlam həyat tərzinin, idmanın və şəxsi inkişafın təşviqinə əsaslanmalıdır. Narkotiklərin qanunsuz dövriyyəsinə və narkomanlığın yayılmasına qarşı mübarizənin rəqəmsal və innovativ maarifləndirmə yolları ilə aparılması bu günün ən aktual hədəflərindındir. Dövlət tərəfindən narkomaniya ilə mübarizə sahəsində həyata keçirilən uğurlu siyasət, görülən məqsədyönlü tədbirlər, müasir metodlara əsaslanan maarifləndirmə hazırda Azərbaycanda bu qlobal təhlükəyə qarşı güclü və keçilməz sədd formalaşdırır. Bu istiqamətdə qarşıya qoyulmuş işlər aidiyyəti dövlət orqanları tərəfindən uğurla davam etdirilir. Unutmamalıyıq ki, sağlam gənclik bizim milli genofondumuz və gələcəyimizdir. Bu gələcəyi birgə qorumaq hər birimizin vətəndaşlıq borcudur”.
Lalə,BakuPost
Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq hazırlanıb.
Mənbə:
bakupost.az