Gürcüstanda parlamentin iclasında dava düşdü – VİDEO
Gürcüstan parlamentində Baş nazir İrakli Kobaxidzenin hesabatı qalmaqallı anlarla yadda qalıb.
News24.az xəbər verir ki, iclas zamanı ən gərgin məqam müxalifətdəki "Qaxariya – Gürcüstan naminə" partiyasının deputatı Georgi Şaraşidzenin çıxışı zamanı yaşanıb.
Deputat hakim "Gürcü Arzusu" partiyasını kəskin tənqid edib. Onun çıxışı zamanı iqtidar nümayəndələri yerlərindən etiraz səsləri qaldıraraq nitqini yarımçıq kəsməyə çalışıblar.
Şaraşidze çıxışında hakimiyyətə müraciətlə, "Vicdansız və tərbiyəsiz adamları öz aranızda axtarın. Konstitusiyaya əsasən ölkənin birinci şəxsi olan Baş nazir özü partiyada ikinci şəxs olduğunu etiraf edir. Ayıbı başqasında yox, özünüzdə axtarın", – deyə bildirib.
Bu ifadələrdən sonra tərəflər arasında söz atışması daha da şiddətlənib. Gərginlik qısa zamanda fiziki qarşıdurmaya çevrilib və deputatlar arasında yumruq davası baş verib.