Almaniyada diqqətçəkən təşəbbüs: siyasi sistem dəyişir?
Almaniyada Xristian Demokrat İttifaqı (CDU) və Yaşıllar Partiyasının siyasətçiləri gözlənilmədən Bundestaqın səlahiyyət müddətinin dörd ildən beş ilə qaldırılmasının tərəfdarı olduqlarını bildiriblər.
News24.az xəbər verir ki, bu barədə Bundestaq sədrinin müavini Omid Nuripur və Tomas Ştrobl “ZEIT” nəşrinə birgə müsahibələrində danışıblar.
Ştrobl bildirib ki, federal səviyyədə dördillik səlahiyyət müddəti Almaniyanı faktiki olaraq istisnaya çevirir. Onun sözlərinə görə, əksər federal torpaq parlamentləri, Avropa Parlamenti və bir çox Avropa ölkələrinin parlamentləri beş il müddətinə seçilir. O hesab edir ki, səlahiyyət müddətinin uzadılması siyasi müzakirələrin “başgicəlləndirici tempini” azaltmağa kömək edə bilər.
Nuripur da bu təşəbbüsü dəstəkləyərək bildirib ki, belə dəyişiklik Almaniyada demokratik mədəniyyət üçün faydalı ola bilər.
Qanunvericiliyə əsasən, Bundestaqın səlahiyyət müddətinin uzadılması üçün Almaniyanın Əsas Qanununa dəyişiklik edilməlidir. Bunun üçün həm Bundestaqda, həm də Bundesratda üçdə iki səs çoxluğu tələb olunur.