Rusiyanın Ermənistandan KTMT tələbi: Paşinyan nə etməyə çalışır?
25 Jun 2026, 13:35
3 baxış
Admin
Seçkilər bitsə də, Moskvanın İrəvana münasibətdə təzyiq və təhdidləri davam edir. Rusiyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı (KTMT) daimi nümayəndəsi Viktor Vasilyev bildirib ki, Ermənistan qurumun üzvü olaraq qalıb-qalmayacağına, yoxsa fərqli ssenariyə üstünlük verəcəklərinə dair qərar verməli və bununla bağlı Moskvanı məlumatlandırmalıdır.
Qeyd edək ki, Ermənistan 2024-cü ilin fevralından KTMT-də fəaliyyətini dondurub. O vaxtdan bəri İrəvan KTMT-nin heç bir tədbirində iştirak etməyib. Ermənistan baş naziri Nikol Paşinyan lazım gələrsə, təşkilatdan çıxmağı da istisna etməyib.
Mövcud situasiyada isə Moskva İrəvandan KTMT ilə bağlı qəti qərar verməyi tələb edir.
Politoloq Zərdüşt Əlizadə Bakupost.az-a bildirib ki, Rusiya tərəfinin bəyanatı sadəcə siyasi oyundur:
“Rusiya bu məsələdə Ermənistanın hansı mövqe tutduğunu gözəl bilir. Moskva guya öz aləmində Ermənistanı tənqid edir, onu hədələyir. Amma İrəvanın mövqeyi bəllidir. Ermənistan özü KTMT-dən çıxmaq istəmir. Lakin fəaliyyətini dondurub və gözləyir ki, digər üzvlər onu təşkilatdan çıxartsın:
“Müsahibimizin fikrincə, İrəvan gələcəyini KTMT və Rusiya ilə əlaqədə görmür:
“Onlar hazırda öz gələcəklərini Qərblə əlaqədə görür. Erməni xalqı özünə yaxşı, münasib, mərhəmətli, səxavətli ağa axtarmağa öyrəşib. Vaxtilə belə ağa rolunda Rusiya çıxış edirdi. Moskva onlara torpaq verdi, onlar üçün dövlət yaratdı, təhlükəsizliyini təmin etdi. İndi isə bu dəstəyi Avropa və Amerikada axtarırlar. Adi haldır, ermənilər daxil bütün kiçik xalqlar həmişə özlərinə hami axtarıb”.
Ekspertin sözlərinə görə, mövcud gedişat Rusiyanın özünün Ermənistanı KTMT-dən uzaqlaşdıracağına gətirib çıxaracaq:
“İrəvanla Moskva arasındakı münasibətlər tam böhran nöqtəsinə çatanda Rusiya belə bir qərar çıxara bilər. O vaxta qədər Ermənistan özü bu istiqamətdə təşəbbüs göstərməyəcək, gözləyəcək ki, hadisələr təbii axarı ilə öz məcrasını tapsın”.
Rüfət Sultan, BakuPost
Mənbə:
bakupost.az