Kredit verilməsi qaydaları dəyişir: Daha aldada bilməyəcəklər
25 Jun 2026, 12:07
3 baxış
Admin
Banklarda kredit risklərinin idarə edilməsi qaydalarında dəyişiklik edilib.
Bakupost.az xəbər verir ki, bununla bağlı Mərkəzi Bankın sədri Taleh Kazımov müvafiq qərar imzalayıb.
Qərara əsasən, bank müştərinin yazılı müraciəti ilə ona istehlak krediti müqaviləsinin məsafədən bağlanılmasına və ya kredit limitinin artırılması ilə bağlı müqaviləyə məsafədən dəyişiklik edilməsinə bütün satış kanalları vasitəsilə məhdudiyyət qoymaq imkanı yaratmalıdır.
Müvafiq məhdudiyyət həmin müştərinin bankda fiziki iştirakı, gücləndirilmiş elektron imzası və ya gücləndirilmiş müştəri autentifikasiyası yolu ilə təqdim etdiyi yazılı müraciəti əsasında aradan qaldırıla biləcək.
Həmçinin, bank istehlak kreditinin verilməsi zamanı kredit müqaviləsinin məsafədən bağlanılmasına və ya kredit limitinin artırılması ilə bağlı müqaviləyə məsafədən dəyişiklik edilməsinə borcalanın tətbiq etdiyi məhdudiyyətin olmamasını öz informasiya sistemi vasitəsi ilə müəyyən etdikdə, məhdudiyyətin olub-olmamasını kredit bürosunun informasiya sistemi vasitəsilə də yoxlamalı və nəzərə almalıdır.
İstehlak krediti üzrə müvafiq məhdudiyyətin mövcud olduğu şəxslə istehlak krediti müqaviləsinin məsafədən bağlanmasına və ya kredit limitinin artırılması ilə bağlı müqaviləyə məsafədən dəyişiklik edilməsinə yol verilməyəcək.
Qeyd edək ki, yuxarıda sözügedən bütün qaydalar bank olmayan kredit təşkilatlarına şamil ediləcək və oktyabrın 1-dən qüvvəyə minəcək.
Maliyyə-bank məsələləri üzrə ekspert Əkrəm Həsənov Bakupost.az-a bildirib ki, bu, bank müştərilərinin müdafiəsi baxımından mühüm addımdır:
“Son zamanlar banklar müştərilərlə məsafədən kredit müqaviləsi bağlamağa başlayıb. Yəni ona əsasən məsafədən kredit verilməsinə başlanılıb. Bu fonda müştərilərin bəziləri bu metoddan xəbərsiz olduğunu, pul götürmədiyini bildirib. Banklar isə müqavilə bağlayır. Hakerlər də bu əsasda müştəriyə zəng edir, müştəri kodları verir və pul da hesabdan silinir”.
Ekspertin sözlərinə görə, kredit risqlərinin idarə edilməsi qaydalarında dəyişikliyə zərurət bank müştərilərinin əksəriyyətinin məsafədən idarəetmə mexanizmlərini bilməmələrindən irəli gəlib:
“Dəyişiklik isə vətəndaşa imkan verəcək ki, belə bir metoddan istifadədə maraqlı olub-olmayacağını əvvəlcədən bildirsin. Məsafədən kredit verilməsini istəmirsə, bu metodu məhdudlaşdırmalıdır. Çünki bir çox insanlar bu metoddan istifadə edə bilmir və belədə onları aldatmaq asandır”.
Rüfət Sultan, BakuPost
Mənbə:
bakupost.az