Sümüklərin gizli dostları: mütəxəssislər ən faydalı qidaları sadaladı
Mütəxəssislər sümükləri gücləndirən ən faydalı qidaların siyahısını açıqlayıblar.
News24.az xəbər verir ki, mütəxəssislərin fikrincə, xüsusilə menopauza dövründə və sonrasında qadınlarda sümük sıxlığı azalır və sınıq riski artır. Bu səbəbdən düzgün qidalanma sümük sağlamlığının qorunmasında mühüm rol oynayır.
Həkimlər bildirirlər ki, zülalla zəngin, karbohidratlarla nisbətən kasıb qidalanma sümüklərin möhkəmlənməsinə kömək edir. Eyni zamanda orqanizmin kalsium, D vitamini, maqnezium, fosfor, K vitamini və antioksidantlarla təmin olunması vacibdir.
Mütəxəssislərin tövsiyə etdiyi qidalar arasında kəsmik, yunan yoqurtu, yumurta, sardina, qızılbalıq, tofu, qaragilə, gilas, avokado, turş kələm, qara gavalı və yarpaqlı yaşıl tərəvəzlər yer alır.
Araşdırmalara görə, gündə 5-6 ədəd qara gavalı yemək menopauzadan sonrakı dövrdə sümük kütləsinin azalmasının qarşısını almağa kömək edə bilər. Qızılbalıq isə həm D vitamini, həm də omeqa-3 yağ turşuları ilə zəngin olduqları üçün sümük toxumasını qoruyur.
Mütəxəssislər eyni zamanda işlənmiş karbohidratların, şəkərli məhsulların, qazlı içkilərin və alkoqolun həddindən artıq istifadəsinin sümük sağlamlığına mənfi təsir göstərə biləcəyini vurğulayıblar.