Digər

Abituriyentləri kim stressə salır? – Məleykə Abbaszadə haqlıdırmı?

24 Jun 2026, 16:40 1 baxış Admin
Abituriyentləri kim stressə salır? – Məleykə Abbaszadə haqlıdırmı?

Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə bildirib ki, abituriyentlərdə stressi imtahan yox, cəmiyyət və ailə yaradır.
Bakupost.az xəbər verir ki, Məleykə Abbaszadə bu barədə Baku TV-yə müsahibəsində deyib.
Onun sözlərinə görə, imtahanla bağlı yaranan stressi DİM yaratmır və imtahan özü də təkbaşına bu stressi formalaşdırmır.
DİM sədrinin fikrincə, burada əsas rolu valideynlərin, ailənin, cəmiyyətin və müəllimlərin gözləntilərinin şagirdlərə təsiri oynayır. Aparılan anonim sorğulara istinad edərək, Abbaszadə bildirib ki, iştirakçıların 60%-dən çoxu stressin yaranmasında əsas səbəb kimi valideyn gözləntilərini göstəriblər.
Psixoloq, psixoterapevt İlahə Məmmədova Bakupost.az-a bildirib ki, abituriyentlərdə stressin yaranmasında imtahan, cəmiyyət və ailənin təsiri əslində qarşılıqlı şəkildə bir-birilə əlaqəlidir:
“Məleykə xanımın dediklərində qismən haqlıdır. DİM sədri imtahan günü cavabdeh şəxsdir. Amma o vaxta qədər məktəblərdəki summativ həyəcan da stress yaradır. Valideynlərin daxili basqılarının səbəbi də uşaqların imtahanda yüksək nəticə toplamaması ilə bağlıdır. Valideynlərin təfəkkürünü pozan isə imtahan nəticələrinin aşağı olmasıdır”.
Ekspertin sözlərinə görə, dərsliklərin yazılması kurikulum tələblərinə uyğun deyil və bunu yazanların kurikulumdan xəbərləri yoxdur:
“Fizika üzrə VII sinifdə keçirilməli olan dərsliyi VI sinifdən başladılar ki, uşaqlar bu fənnin həyatla əlaqəsini öyrənsinlər. Amma dərslik yazanlar fizika və riyaziyyat fənləri üzrə dərs yükünü ağırlaşdırdılar. Azərbaycanda riyaziyyat fənni üzrə IV sinfin səviyyəsi bu fənn nüzrə yüksək nəticələr göstərən Hindistandakı VII sinif səviyyəsinə uyğundur. Belədə uşaqlarımızı kütləşdirir, psixologiyasını pozuruq”.
Həmsöhbətimiz abituriyentlərdə stressin imtahan prosesində yarandığına dair misal da çəkdi:
“İmtahanda 90 suala 180 dəqiqə vaxt verilir ki, onun da 30 dəqiqəsi cavab kartının kodlaşdırılmasına ayrılır. Deməli abuturiyent 1 suala 1,5 dəqiqə vaxt sərf etməlidir. Texniki fənlərdə, informatika, riyaziyyat, fizika fənni üzrə 1 sualı 4 dəqiqətən tez işləmək mümkün deyil. Bunun yaratdığı basqı, psixoloji şiddət də uşaqlarda təşviş pozuntusu yaradır”.
Rüfət Sultan, BakuPost
Mənbə: bakupost.az
Paylaş:

Oxşar Xəbərlər