“907-ci düzəliş”in taleyi necə olacaq?
19 Jun 2026, 14:00
2 baxış
Admin
Son dövrlər ABŞ Konqresinin Azərbaycana qarşı tətbiq etdiyi Azadlığa Dəstək Aktının 907-ci maddəsinin tam ləğvi məsələsi yenidən aktuallaşıb.
Həmin “907-ci düzəlişi”in ləğvini hədəfləyən qanun layihəsinin həmmüəlliflərindən biri, respublikaçı konqresmen Abraham Hamade Bakıdadır.
Qeyd edək ki, son aylar bu məsələ bir çox ABŞ konqresmenlərinin də diqqət mərkəzinə gəlib. Belə ki, bir sıra respublikaçı qanunvericilər həmin təşəbbüsə qoşulublar. Eyni zamanda, Yaxın Şərqdə cərəyan edən son proseslər bəzi şəxslərdə sözügedən düzəlişin tezliklə tam olaraq ləğv ediləcəyinə ümidləri artırıb.
Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Bakupost.az-a bildirib ki, Yaxın Şərqdə cərəyan edən son proseslərlə “907-ci düzəliş”in ləğvi arasında hansısa birbaşa əlaqə görünmür:
“Ona görə də burada proseslərin bir-birinə bağlı olduğunu düşünmürəm”.
Həmsöhbətimiz “907-ci düzəliş”in yaxın dövrdə tam ləğvini gözləmir:
“Əminəm ki, bu istiqamətdə addımlar atılmalıdır və atılır. Amma noyabr ayında aralıq seçkilərilə Nümayəndələr Palatasının tərkibində dəyişikliklər nəzərdə tutulur. Konqresmenlər də indi məhz bu mövzu ilə məşğuldurlar. “907-ci düzəliş”lə bağlı həm respublikaçılar, həm də demokratlar daxilində müxtəlif mövqelər var. Bu əsasda onların sözügedən mövzu ilə məşğul olacaqlarını təsəvvür etmək çətindir. Hər halda buna aid heç bir məlumat yoxdur”.
Rüfət Sultan, BakuPost
Mənbə:
bakupost.az